Demokratiya yolunu seçmiş hər bir dövlətdə demokratik prinsipləri şərtləndirən əsas amillərdən biri də həmin ölkədə siyasi partiyaların, ictimai birliklərin və qeyri - hökumət təşkilatlarının mövcudluğudur. Belə ki, demokratiya yolu ilə addımlayan hər - hansı bir dövlətdə daha güclü nüfuza malik olan siyasi partiyalardan biri iqtidarda olur və ölkənin idarə edilməsində əsas missiyanı öz üzərinə götürür. Digər siyasi partiyalar isə iqtidarda olan siyasi partiyanın işinə nəzarət funksiyasını həyata keçirir. Həmin siyasi partiyalar, ictimai birliklər və qeyri - hökümət təşkilatları iqtidarda olan siyasi partiyanın daha da səmərəli fəaliyyət göstərmələri üçün onların görə bilmədikləri və ya nəzərdən qaçırdıqları müəyyən məsələlər mövcud iqtidarın nəzərinə çatdırır, özlərinin doğru hesab etdikləri müəyyən problemlər haqqında məsələ qaldırır, bir növ sivil qaydada iqtidarda olan partiyaya ölkənin idarə olunmasına yardımçı olurlar. Ümumiyyətlə, demokratik prinsipləri əsas götürən ölkələrdə diqqəti çəkən əsas faktorlardan biri də ölkədə fəaliyyət göstərən siyasi partiyalar, ictimai təşkilatlar arasında siyasi dialoqun qurulmasıdır. Belə olan təqdirdə demokratik inkişaf yolunu seçmiş ölkələrdə həm siyasi iqtidarın, həm də müxalif mövqe tutmuş siyasi qurumların əsas hədəfi mənsub olduqları dövlətin inkişafı, ölkə vətəndaşlarının maddi - rifah halının yaxşılaşdırılması olur. Demokratiya yolunu seçmiş Azərbaycanda da qeyd olunan amillərə əməl etmək əsas prinsip kimi götürülmüşdür. Ölkəni idarə edən mövcud iqtidarın əsas təməl prinsiplərindən biri də ölkədə fəaliyyət göstərən, konstruktiv müxalif mövqe sərgiləyən siyasi partiyalarla mütəmadi olaraq dialoqun aparılmasıdır. Aparılan dialoq ilk növbədə ölkənin inkişafına və demokratik dəyərlərin daha da genişlənməsinə töhfə verməkdədir. Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarının azadlığı uğrunda mübarizə apararkən ölkəmizdə iqtidar və siyasi müxalifət tək yumruq kimi birləşdi. "Öncə Vətəndir!" prinsipi ilə hərəkət edən xalq məhz eyni hədəfə vurmaqla düşməni darmadağın edərək ölkə hüdudlarından qovub çıxartdı. Qeyd olunan iqtidar - xalq birliyi millətin, dövlətin 30 illik müşkülünə çevrilmiş ağır bir problemin qısa zaman kəsiyində həllinə gətirib çıxardı. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tale yüklü məsələlər də ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar və ictimai birliklər tərəfindən birmənalı şəkildə dəstəklənir. Bütün bunlar həm ölkənin siyasi iqtidarının, həm də müxalifətin sərgilədiyi konstruktiv mövqe mümkün olmuşdur. Ölkəmizdə demokratik mühitin daha da genişlənməsi və təkmilləşdirilməsi məqsədilə bu yaxınlarda siyasi partiyalar haqqında yeni qanun qüvvəyə minmişdir. Yeni qanun əvvəlki qanuna nisbətən daha əhəmiyyətli və daha da mütərəqqi qanun olduğundan gələcəkdə Azərbaycanda demokratiyanın şaxələnməsinə, insan hüquq və azadlıqlarının demokratik şəkildə qorunmasına xidmət edəcəkdir. Nəticə olaraq konstruktiv müxalif mövqedə dayanan siyasi partiyalar daha rahat şəkildə fəaliyyət göstərərək ölkəmizin beynəlxalq arenada möhkəmlənməsinə və dövlətimizin həm siyasi, həm də iqtisadi baxımdan güclənməsinə töhfələr verəcəkdir. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, ölkəmizin ictimai və siyasi nüfuzuna xələl gətirən, beynəlxalq müstəvidə ölkənin imicinə zərbə vuran radikal müxalif partiyalar da mövcuddur. Bunlar azlıq təşkil etsə də, belələrinin var olması heç də yaxşı hal deyildir. Məhz onların sayəsində bizə düşmən olan ölkələr ölkəmizə qarşı pozuculuq fəaliyyəti ilə məşğul olur və bu kimi işlərdə belə partiyalardan siyasi alət kimi istifadə edirlər. Eyni zamanda Azərbaycandan müxtəlif yollarla xarici ölkələrə gedib, oralarda özlərinə lövbər salaraq ölkəmiz haqqında, ölkə rəhbərliyi haqqında hədyan söyləyən bir qrup adamlar da, həmin ölkələrdə bizi istəməyən xarici qüvvələrin köləsinə çevrilərək ölkəmizin nüfuzuna zərbə vururlar. Onların bu hərəkətləri hətta bəzi hallarda kölələri olduqları ağaları tərəfindən də təqdir edlmir. Çünki, onların tutduqları yol yanlış yoldur. Bu gün nə qədər radikal, qeyri - konstruktiv mövqe sərgiləsələr də, mövcud siyasi iqtidar yenə də onlar üçün siyasi dialoq qapılarını açıq saxlayır. Yalnız müxalifət olmaq naminə müxalif mövqedə dayanmaq həddindən artıq yersiz və yanlış davranışdır. Bütün hallarda siyasi iqtidarın təklif etdiyi siyasi dialoq təqdirəlayiq haldır və yaxın gələcəgdə hər kəs bunun bəhrəsini görəcəkdir. Ələddin Əhmədov, Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllimi